XIX əsr və XX əsrin əvvəlləri

Artıq XIX əsrdə Şuşa-Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə, sağlamlıq şəhəri, istedadlar diyarına çevrildi. Azərbaycanın heç bir şəhəri bu qədər istedad yetişdirməmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 12 xəttat, 5 astronom, 18 memar, 16 həkim və təxminən 42 müəllim yaşayıb yaratmışdı. Bu inkişafın nəticəsində şuşalı gənclər təhsil almaq üçün artıq Avropaya üz tuturdular. Bu isə şəhərdə Avropa dəbinin də yayılmasına səbəb olurdu. Şəhərdə geyimdə, ev əşyalarında, kulinariyada milli dəyərlərlə yanaşı Avropa üslubu və dəyərləri də hökm sürürdü. Bütün sadalananlar şəhərin memarlığından da yaxşı mənada yan keçməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi Şuşada evlərin inşası şəhərin təsdiq edilmiş baş planına uyğun aparılırdı. Həyətyanı sahələr əsas küçəyə baxmır, mütləq şəkildə evin arxasında olmalı idi. Bu səbəbdən də əsas küçələrdən həyətyanı sahələr ümumiyyətlə görünmür, küçədən birbaşa giriş qapısından evlərə daxil olmaq olurdu. Şuşadakı evlərin hamısının pəncərə və qapıları birbaşa küçəyə baxırdı. Ona görə də şəhərdə gəzən insan hasarla deyil, gözəl haşiyəli pəncərə və qapıları olan evlərlə rastlaşırdı. Küçələrə yerli mərmər daşlar döşənir, piyadalar üçün iri sal mərmər daşlardan səkilər qoyulur, küçələrdə isə rahat şəkildə faytonlar, arabalar hərəkət edə bilirdi. Pənahəli xan şəhəri bina edəndən dərhal sonra dövlət atributlarından biri olan Qarabağ xanlığının pul vahidi “Pənahabadi” adlı sikkə kəsdirməyə başlayır və sikkə kəsimi 1822-ci ilə kimi davam etdirilir. Bu sikkələr xalq arasında “Pənahаbadi” adlandırılırdı. Şuşanın çox uğurla işlənmiş böyük ölçülü, divarları daşla hörülmüş kanalizasiya sistemi olub. Bəzi məlumatlara görə kanalizasiya xəttlərinin içərisində iki atlı yanaşı sərbəst hərəkət edə bilirmiş. Evlərin yuxarı mərtəbələrində hamam otaqları mövcud olub və bu otaqlarda daşdan hazırlanmış sifon tipli su axarları istifadə edilib. Şəhərin çox təmiz olmasının əsas səbəblərindən biri də belə mükəmməl kanalizasiya sisteminin qurulması idi. Şəhərin təmiz olmasının digər bir səbəbi isə Şuşa platosunun aşağı hissəsi ilə yuxarı hissəsinin arasında dəniz səviyyəsindən yüksəklikdə 300 metrə qədər fərqin olmasıdır. Yəni Çuxur məhəllənin yerləşdiyi ərazinin dəniz səviyyəsindən yüksəkliyi 1300 metr təşkil etdiyi halda, Köçərli və Mamayı məhəllələrinin yuxarı hissəsinin yerləşdiyi ərazinin dəniz səviyyəsindən yüksəkliyi 1600 metrə yaxındır. Relyefin belə kəskin fərqli olması səbəbindən şəhərin aşağı hissəsində meyvələr sovulduğu vaxt, yuxarı hissədə yenicə yetişir. Relyefin belə fərqli olması nəticəsində yağış suları da bir yerdə toplanıb qalmır, axıb gedirdi. Küçələr isə ağ mərmər daşlarla döşənmiş olduğundan yağışdan sonra şəhər daha təmiz, daha təravətli olurdu. Lap şüşə kimi. Bəzi mülahizələrə görə Pənahabad adlandırılmış şəhərin adının sonradan dəyişdirilərək Şuşa qoyulmasının səbəblərindən biri də şəhərin şüşə kimi şəffaf olmasından irəli gəlib. Yəni, “Şüşə” - “Şuşa”. Onu da xüsusilə vurğulamaq vacibdir ki, Şuşanın el arasında tanınmış daha bir adı Qaladır. Bu gün də yaşlı nəslin nümayəndələri Şuşanın adını “Qala” kimi çəkirlər. XX əsrin ortalarına kimi insanların əksəriyyəti Şuşaya Qala deyərdilər. Bu da şəhərin eyni zamanda qala olmasından irəli gəlir. Şuşada maddi baxımdan imkanlı şəxslərin sayı çox olduğundan evlər biri digərindən maksimal dərəcədə dəbdəbəli tikilirdi. Bunun nəticəsində bizə belə gözəl şəhər miras qalmışdır. Bildiyiniz kimi 1828-ci ildə Rusiya ilə Qacarlar dövləti arasında məlum Türkmənçay müqaviləsi bağlandıqdan sonra bu müqavilədən ən çox qazananlardan biri olmuş İran ərazilərində yaşayan ermənilər Rusiyanın faktiki olaraq işğal etdiyi Azərbaycanın Qarabağ, Naxçıvan, İrəvan və b. xanlıqlarının ərazisinə köçürülürlər. XIX əsrin sonlarından başlayaraq bu ərazilərə köçürülmüş ermənilər Qarabağda qarşıdurmalar yaradır, millətlər arasında narazılığı artırırdılar. 1905, 1906 və 1918-ci illərdə ermənilər Şuşanı ələ keçirmək məqsədi ilə azərbaycanlılara qarşı silahlı hücumlar təşkil edirlər. Hər dəfə azərbaycanlıların müqaviməti ilə üzləşən ermənilər geri çəkilsələr də, şəhər böyük dağıntılara məruz qalır, əhali çoxsaylı insan itkisi verir. 1920-ci ilin mart ayının 22-də Novruz bayramı günündə Azərbaycanın müstəqilliyinə zərbə vurmaq məqsədi ilə ermənilər növbəti dəfə Şuşada silahlı qarşıdurma yaradırlar. Çoxsaylı şəhid vermiş azərbaycanlıların qəhrəmanlığı sayəsində Şuşa işğaldan xilas olsa da, şəhərin yarısından çoxu demək olar ki, yerlə yeksan olur.