Şuşanın əsasının qoyulması

Şuşanın əsası hərbi-strateji baxımından möhkəm müdafiə imkanlarına malik paytaxt-qalaya olan zərurətdən yaranaraq, 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Belə ki, Qarabağ xanlığının əsası müstəqil, türk, feodal dövləti kimi 1747-ci ildə I Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdu. Bundan sonra Pənahəli xan xanlığın paytaxtı kimi əvvəl Bayat, sonra isə Şahbulaq qalalarını tikdirir. Qısa müddət ərzində Qarabağ xanlığı hərbi cəhətdən Azərbaycanın ən güclü xanlıqlarından birinə çevrilir, özünün nizami ordusu yaradılır. Güclü xanlığın strateji cəhətdən daha əlverişli mövqeyi olan paytaxta ehtiyacı olduğundan, Pənahəli xan 1752-ci ildə Qarabağın ən səfalı yerində, relyefin dəniz səviyyəsindən 1300 metrdən 1600 metrədək dəyişdiyi yüksəklikdə yerləşən uca dağ zirvəsində qala-şəhərin əsasını qoyur. Beləliklə Pənahəli xan Qarabağ xanlığının paytaxtını yeni qalaya köçürür. Şəhər əvvəl Pənahabad, sonra isə Şuşa adlandırılır. Pənahəli xanın hakimiyyəti illərində, 1763-cü ilə qədər, Şuşada çoxlu abidələr, müdafiə bəndləri və qalalar tikilir. XIX əsri əhatə edən sonrakı mərhələdə yeni məhəllələr salınmış və bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Nəticədə Şuşada 17 məhəllə salınmışdır. Hər məhəllənin məscidi, hamamı və bulağı mövcud olub. Şuşada tikilən evlər möhtəşəmliyi ilə fərqlənir, küçələrə daşlar döşənilirdi. XIX əsrdə Şuşanın baş planı mövcud olmuş və şəhərsalma qaydalarının plana uyğun olmasına ciddi nəzarət və riayət edilirdi. Evlər yalnız yerli mərmər daşdan tikilir, evlərin iri, adətən şəbəkə üslubunda hazırlanmış pəncərələri, enli və gözoxşayan eyvanları, mərtəbələr arasındakı daşdan yonulmuş dekor elementləri, ornamentləri öz gözəlliyi və özünəməxsusluğu ilə seçilirdi. Çoxsaylı məscidləri, bulaqları, hamamları, mədrəsələri olan şəhər qısa müddətdə Qafqazın ticarət mərkəzinə çevrilir. Pənahəli xanın vəfatından sonra İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə təsadüf edən mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur.

Şuşanın məhəllələri:

1. Seyidli; 2. Quyuluq; 3. Qurdlar; 4. Xoca Mircanlı; 5. Çuxur məhəllə; 6. Hacı Yusifli; 7. Dördlər Qurdu; 8. Ağadədəli; 9. Çöl qala; 10. Culfalar; 11. Mamayı; 12. Merdinli; 13. Saatlı; 14. Dəmirçilər; 15. Hamamqabağı; 16. Təzə məhəllə; 17. Köçərli.

Cəmi on yeddi məhəllə. Göründüyü kimi Şuşa kiçik yaşayış məntəqəsinin böyüməsi nəticəsində şəhərə çevrilməmişdir. Onun əsası birbaşa şəhər olaraq qoyulmuşdur. Ancaq bütün bunlarla yanaşı Şuşa eyni zamanda həm də bir mədəni şəhər, paytaxt olmalı idi. Bu səbəbdən də buraya ilk olaraq memarlar, zadəganlar, ziyalılar, sənətkarlar, alimlər, musiqiçilər, müəllimlər və digər sənət sahibləri dəvət olunmuşdur. Bura yeni şəhərin əsasının qoyulması və inkişaf etdirilməsi işinə töhvə vermək istəyən insanlar toplaşdılar. O insanların bu işə böyük sevgisi və həvəsi olmuşdur. Çünki mürəkkəb relyefi olan ərazidə şəhər salmaq böyük enerji və vaxt tələb edirdi. Ona görə də demək olar ki, şəhərin əsasının qoyulması işinə fədakar insanlar cəlb olunmuş və belə insanlar sonradan həm də yaxşı mənada fərqli şuşalı cəmiyyətini yaratmağa başlamışlar. Nəticədə hər mənada çox gözəl, inkişaf etmiş orta əsr Avropa şəhərləri ilə ayaqlaşan yeni bir Azərbaycan şəhəri yarandı. Sayı kifayət qədər olan məktəblər, mədrəsələr açıldı və şəhər qısa müddət ərzində çox inkişaf etdi. Beləliklə Şuşada böyük ziyalı ordusu yarandı. Bu ziyalılar Azərbaycanımızın dünya miqyasında tanınmasında, Azərbaycanımızın inkişafında əvəzolunmaz rol oynadılar.