Azərbaycanın çoxçalarlı, köklü şəkildə müxtəlif ənənələr qazanmış mədəniyyətinin bütün yolları ulu, səfalı və qədim Qarabağa gedib çıxır. Şuşa isə həmin bu mədəniyyətinin episentri kimi hər zaman xüsusən seçilmişdir. Azərbaycan xalçaçılıq sənətinin mühüm bir qolu, Qarabağ xanəndəlik və muğam ifaçılığı məktəbi, Azərbaycan muğam ifaçılığını özəl və məxsusi edən ənənələri yaratmış Qarabağ muğam məclisləri misilsiz Şuşamızla bağlıdır. Şuşa ilə başlanıb sıralanan Qarabağ şəhərlərində püxtələşmiş muğam məclisi-ünsləri, muğam yarışmaları Azərbaycan xanəndəlik məktəbinin əbədi simaları olan Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Hacı Hüsü, tarzən və bəstəkar Məşədi Cəmil Əmirov kimi sənətkarlar yetişmişdir. Tanınmış islahatçı tarzən Sadıqcan Azərbaycan tarının rekonstruksiyasını həyata keçirib, Azərbaycan milli ifaçı musiqişünaslığı ilə orqanologiyanın əsaslarını qoymuş banilərdən biridir. Qədim Şuşa mədəniyyətimiz ilə incəsənətimiz üçün müasir və mütərəqqi sənət növlərinin, yeni ənənələrin də beşiyi olmuşdur. Azərbaycan musiqi mədəniyyəti üçün ən parlaq təzahürlərdən biri olan milli bəstəkarlıq ənənəsi, ölməz Üzeyir bəy Hacıbəylinin timsalında intişar tapmış Avropa klassik və Azərbaycan milli musiqi ənənələrinə əsaslanan akademik bəstəkarlıq məktəbi və Azərbaycan musiqi elminin fundamental dövrü məhz qədim Şuşanın yetirmələridir. Üzeyir Hacıbəyli ilə bərabər onun qardaşları – Zülfüqar, Ceyhun Hacıbəylilər mütərəqqi maarifçi ənənələri formalaşdırmış dinastiya kimi tarixə daxil olmuşlar. Azərbaycan klassik bəstəkarlıq məktəbinin mühüm yeni dövrü Şuşa mənşəli bəstəkarlar – Fikrət Məşədi Cəmil oğlu Əmirov, Soltan Hacıbəyov, XX əsrin II yarısında müasir bəstəkarlıq məktəbinin parlaq yetirməsi olan İsmayıl Hacıbəyov tərəfindən təmsil edilmişdir. Azərbaycan akademik opera və belkanto ənənəli ifaçılıq isə Bülbül ləqəbini qazanmış məşhur müğənni Murtuza Məmmədovun adı ilə bağlıdır.