Türksoy haqqında

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY)

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk dilində danışan xalqlar və ölkələr arasında dostluq münasibətləri yaradaraq, ortaq Türk mədəniyyətini, dilini, tarixini, incəsənətini, ədəbiyyatını, mədəni mənsubiyyətlərini araşdırmaq, inkişaf etdirmək, qorumaq və gələcək nəsillərə ötürərək qalıcı etmək məqsədi ilə fəaliyyət göstərən beynəlxalq  mədəniyyət və incəsənət təşkilatıdır. TÜRKSOY-un Türk dövlətlərinin mədəni həyatına gətirdiyi layihələrdən biri də “Türk Dünyasının Mədəniyyət Paytaxtı”dır. 2010-cu ildə İstanbulda keçirilən “Türk Dövlət Başçılarının 10-cu Zirvə Toplantısı”nda TÜRKSOY-un təklifi ilə sözügedən layihə qəbul olunmuşdur. Proqram çərçivəsində 2012-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı Astana, ardınca 2013-cü ildə isə Əskişəhir seçildi. 2014-cü ildə Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan bu ada layiq görülüb. 2015-ci ildə isə Türkmənistanın Mərv şəhəri türk dünyasının mədəniyyət paytaxtı adını alıb. 2016-cı ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” adını layiqincə daşıyan Azərbaycanın tarixi Şəki şəhəri 2017-ci ildə bu adı böyük türk mütəfəkkir-şairi Xoca Əhməd Yəsəvinin yaşadığı Qazaxıstanın Türküstan şəhərinə təhvil verib. 2018-ci ildə Türkiyənin müqəddəslər yurdu Kastamonu, 2019-cu ildə Qırğızıstanın qədim Oş şəhəri, 2019-cu ildə isə Özbəkistanın mirvarisi Xivə şəhəri Türk Dünyası Mədəniyyət Paytaxtı adını qazanıb. Orta Asiyanın açıq səma altında muzeyi olan Xivədən sonra Mədəniyyət Paytaxtı adı 2022-ci ildə Osmanlı İmperiyasının ilk paytaxtı Türkiyənin Bursa şəhərinə keçib. 2022-ci ildə Bursa şəhərində TÜRKSOY üzv ölkələrin Mədəniyyət Nazirlərinin 39-cu Daimi Şurasının qərarı ilə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi olan Şuşa 2023-cü il türk dünyasının mədəniyyət paytaxtı elan edildi. Mədəniyyət paytaxtının açılış və bağlanış mərasimləri böyük bir mədəniyyət bayramı kimi təşkil edilir və mədəniyyət paytaxtları il boyu türk dünyasının sənət adamlarının, ziyalılarının görüş yerinə çevrilir. Bununla da bu şəhərlərin mədəni-bədii həyatı zənginləşir, təşkil edilən zəngin fəaliyyətlər türk dövlətləri arasında mədəni inteqrasiya prosesini sürətləndirir.