İşğaldan əvvəl və sonra

1977-ci ildə Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edir. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görülür. Nəticədə Şuşada sayı yüzlərlə olan memarlıq və incəsənət abidəsi rəsmən qeydə alınmışdır. Bunlarla yanaşı Şuşada yeni-yeni orta, ixtisaslaşdırılmış, orta-ixtisas və ali təhsil ocaqları istifadəyə verildi. Sovetlər dönəmində Şuşada ittifaq miqyasında gözəl dağ – iqlim və balneoloji kurort yaradılmışdır. Burada sanatoriyalar, pansionatlar və turist bazaları inşa edilmişdir. Şuşa həm də qədim incəsənət mərkəzi kimi məşhurdur. Şəhərdə tarix muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi, xalça muzeyi və bir çox başqa muzeylər fəaliyyət göstərirdi. Çoxsaylı parklar və güllüklər şəhərin təbii gözəlliyinə əlavə rəng qatır. Şəhər hər tərəfdən palıd, fıstıq, vələs meşələri, yaşıl yamaclar və meyvə bağları ilə əhatə olunub. Gözəl təbiət, tarixi abidələr, əlverişli iqlim burada turizmin inkişafına şərait yaradır. Məşhur Şuşa kurortu eyni zamanda müasir turizm mərkəzi kimi də tanınırdı. Şuşada SSRİ vətəndaşları ilə yanaşı həm də bütün digər sosialist ölkələrin vətəndaşları da istirahət edir və sağlamlıqlarını möhkəmləndirirlər.  


       1988-ci ildən başlayaraq, xaricdən, iri dövlətlərdən hərtərəfli dəstək alan qanunsuz erməni silahlı birləşmələri Qarabağı Azərbaycandan qoparmaq məqsədilə  Qarabağda saysız-hesabsız qeyri-insani cinayətlər törətdilər. Nəticədə, 4 ilə yaxın mübarizə aparan Şuşa şəhəri 1992-ci ilin may ayının 08-də qeyri-bərabər döyüşdə işğala məruz qaldı. 1992-ci ilin may ayının 8-də Şuşa şəhərini işğal edən erməni terrorçuları abidələr şəhəri olan Şuşanı böyük dağıntılara məruz qoydular. Şuşanı erməniləşdirməyə çalışan erməni vəhşiləri tarixi dəyərindən asılı olmayaraq şəhərin Azərbaycana məxsus olmasını təsdiq edən bütün abidələri darmadağın etdilər, abidələr üzərindəki tarixi lövhələri, daş kitabələri məhv etdilər. Erməni işğalçıları abidələr haqqında məlumatları saxtalaşdırmaq məqsədi ilə daş kitabələr üzərindəki məlumatları vəhşicəsinə məhv edir və onların üstündən həqiqətə uyğun olmayan məlumatlar yazmaqla abidələri erməniləşdirir, küçə və məhəllələrin adlarını dəyişdirərək ermənicə adlandırırdılar. 27 sentyabr 2020-ci ildə, torpaqları işğal altında saxlamaqla kifayətlənməyən erməni terrorçularının növbəti təxribatlarına cabab olaraq böyük haqq savaşı başladı. 1988-ci ilin əvvəllərindən başlamaqla, bütün çirkin əməllərə əl ataraq 1994-cü ilə kimi 6 il ərzində işğal etdiyi və 30 ilə yaxın işğal altında saxladıqları torpaqları 44 günə qoyub qaçdı mənfur düşmən. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Şuşa azad olunandan sonra onun da şahidi olduq ki, dağıntıların miqyası daha böyükdür. Bütün şəhər, memarlıq incilərimiz xarabalıq içindədir.

Şuşa işğaldan azad ediləndən sonra şəhərdə cəmi bir neçə ay ərzində genişmiqyaslı quruculuq, bərpa, tikinti, abadlıq və ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənmə işləri aparıldı. Qarabağda infrastrukturun yaradılması sahəsində genişmiqyaslı işlər görüldü. Bu işlərin fonunda çoxsaylı yerli və Beynəlxalq səviyyəli tədbirlər təşkil edildi.

Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin aradan qaldırılması istiqamətində böyük işlər görülmüş, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdi.

 Azərbaycan Respublikası Prezidentinin 07 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2021-ci il tarixli 1375 nömrəli Fərmanı ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradıldı.

           Şuşa şəhərinin ərazisində yerləşən abidələrin bərpasının, qorunmasının, öyrənilməsinin, istifadəsinin və təbliğinin təmin edilməsi istiqamətində geniş miqyaslı işlər görüldü.

           Bütün bunlar onun göstəricisidir ki, düşmən tərəfindən xarabazarlığa çevrilən doğma Qarabağımız, Şuşamız ən qısa zaman ərzində cənnətə çevriləcək, yenidən Azərbaycanımızın dilbər guşələrindən olacaq.