Xəbərlər

Türk dünyasının mədəniyyət paytaxtı Şuşa növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi edir

15 Jul 2023

14-15 iyul tarixlərində mədəniyyət paytaxtımız Şuşa növbəti dəfə Vaqif Poeziya Günlərinə ev sahibliyi etdi. Builki poeziya bayramı qala-şəhərimiz üçün əlamətdar bir ildə – Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirdiyi dövrdə keçirildi. Bu tədbir qardaş ölkələrdən də ədəbiyyat adamlarını bir araya gətirdi. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə keçirilən poeziya bayramı iyulun 13-də şairin doğma şəhərində – Qazax rayonunun Yuxarı Salahlı kəndində başlayıb. Çıxışlar dinlənilib, ənənəvi tədbirin tarixindən söz açılıb, konsert proqramı təqdim edilib. İyulun 14-də Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada tarixi, dini məkanları, Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət ediblər. Yuxarı Gövhər ağa məscidinin ərazisindəki mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği: XIX əsrin ensiklopedik alimi” sərgisi ilə tanış olublar. Həmin gün Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub. Açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, Türk Ədəbiyyat Vəqfinin rəhbəri Serhat Kabaklı, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Digər Xəbərlər