Xəbərlər

Bursa “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini Şuşaya verdi

11 Dec 2022

8-9 dekabr tarixlərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və təşkilatçılığı, Bursa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Bursada Şuşa Günləri keçirilib. Silsilə tədbirlər 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Bursa şəhərinin bu missiyanı Azərbaycanın Şuşa şəhərinə təhvil verməsi münasibətilə təşkil olunub. Tədbirlərin açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakup Canbolat və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış ediblər. Dekabrın 9-da TÜRKSOY-un “Bursa-2022 – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirilib. Mərasimdə “mədəniyyət paytaxtı”nın simvolu Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş tərəfindən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova təqdim edilib. TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər Bələdiyyə başqanı çıxış ediblər. Sonra Bursa şəhərinin və TÜRKSOY-ya üzv ölkələrin sənətçilərinin iştirakı ilə musiqi proqramı təqdim olunub. Konsertdə Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova da çıxış edib. “Bir il boyunca “Türk dünyasının mədəniyyət paytaxtı” adını layiqincə daşıdığımız üçün qürurluyuq. 2021-ci ildə aldığımız bu əmanəti indi “Bir millət, iki dövlət” bildiyimiz can Azərbaycana, qardaş və dost ölkəyə təhvil veririk. Təbii ki, Şuşa hər birimiz üçün xüsusi məna kəsb edən bir məkandır”, – deyə Alinur Aktaş bu sözlləri Azərbaycan mediasına müsahibəsində bildirib. Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını qəbul edən sayca 11-ci şəhərdir.

Digər Xəbərlər