İyulun 14-də Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər iştirak ediblər. Tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək, Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu ifadə edib. Vaqif Poeziya Günlərinin hər il təşkil olunduğunu söyləyən Xalq yazıçısı görkəmli şair Molla Pənah Vaqifin yaradıcılığından söz açıb: “Biz fəxr edirik ki, öz mövqeyindən dönməyən Nəsimi, Vaqif, Mikayıl Müşfiq, Hüseyn Cavid kimi şairlərimiz olub. Bizim şairlərimiz, yazıçılarımız həmişə belə olublar. Bu gün biz böyük şairimizin məqbərəsinə toplaşmışıq. Azərbaycan Yazıçılar Birliyi adından hər birinizə təşəkkür edirəm, ona görə ki, bu, dövlətin, xalqın qiymətidir. Belə ədiblər olmasaydı, bu gün Azərbaycan ədəbiyyatı olmazdı. Nə qədər insan Şuşaya gəlmək istəyir. Ona görə ki, Şuşa Azərbaycanın ürəyidir. İnanıram ki, burada keçirilən bu bayramlar əbədi olacaq və düşmənin ayağı heç vaxt bu torpaqlara dəyməyəcək”.
Şuşa şəhəri TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının ötən ilin martında Bursada (Türkiyə) keçirilən toplantısında 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Təntənəli mərasim Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq gerçəkləşib. Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, TÜRKSOY üzvü ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, o cümlədən Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, həmçinin Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, digər rəsmilər, türk dövlətlərindən mədəniyyət xadimləri iştirak ediblər.
Mayın 9-da Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb. Şuşa şəhəri budəfəki “Xarıbülbül” festivalına həm də “Türk dünyasının mədəniyyət paytaxtı” kimi ev sahibliyi edir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir. Şuşa bu missiyanı ötən ilin dekabrında Türkiyənin Bursa şəhərindən qəbul edib. Üç gün (9-11 may) sürən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan (o cümlədən bu ölkənin Qaraqalpaqıstan Muxtar Respublikası), Macarıstan, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti təmsil olunub.
Şuşadakı Heydər Əliyev Fondu tərəfindən bərpa edildikdən sonra 10 may tarixində açılışı olan Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Qarabağ” sərgisi açılıb. Sərgidə Ulu Öndər Heydər Əliyevin ardıcıl, məqsədyönlü siyasəti nəticəsində Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli Liderin vaxtı ilə Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da yer alır.